İyunun 26-da xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon Mədəniyyət Evində 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq "Heydər Əliyev və Ordu quruculuğu" mövzusunda dəyirmi masa keçirildi. "Heydər Əliyev İli" çərçivəsində tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin əməkdaşları, rayon ziyalıları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə dərin ehtiram əlaməti olaraq gül dəstləri düzdülər. Xocalı Rayon Mədəniyyət Evində davam edən tədbirdə Dövlət Himnimiz səsləndirildi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuları təbrik edərək bildirdi ki, Ordu quruculuğu sahəsində böyük xidmətləri olan Ulu Öndər Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas edib, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaradıb, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırıb və Silahlı Qüvvələrimizi ölkəmizin müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirib. Prezident İlham Əliyevin ordu quruculuğu sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin əməkdaşı Abdulla Abdullayev Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirdiyini, Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edildiyini, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradıldığını bildirdi. Qeyd etdi ki, 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində azad olundu.Tədbirdə rayon ziyalısı Sabir Qasımov, Aprel döyüşləri və Vətən Müharibə iştirakçısı, qazi Soltan Cəfərov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən, Ali Baş Komandan İlham Əliyevin ordu siyasətinin uğurlarından, 44 günlük tarixi Zəfərimizdən və hərbi sahədəki yüksək inkişafdan söz açdılar.